CƏMİYYƏT
Mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
Qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonun ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiyadan ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonun gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun “SCANIA R420” markalı, 99 UR142/42ZA485 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd müxtəlif versiyalı “iPhone 11” markalı və 15 ədəd “Samsung S20” markalı, ümumilikdə 217 ədəd mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.