SİYASƏT
Moldova mətbuatında V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bağlı məqalələr dərc edilib
Kişineu, 13 may, AZƏRTAC
Moldovanın nüfuzlu xəbər portallarında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı və onun açılış mərasimi ilə bağlı məqalələr dərc olunub.
“NOİ”, “TRİBUNA” xəbər portallarında AZƏRTAC-ın materialları əsasında dərc olunan məqalələrdə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi qeyd olunur. Bildirilir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.
Məqalələrdə vurğulanıb ki, hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, - demişdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Azərbaycan Prezidentinin bu fikirlərinin əyani təsdiqidir.
Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu