SİYASƏT
Moldova oxucuları Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırılıb
Kişineu, 15 sentyabr, AZƏRTAC
Moldovanın www.locals.md xəbər portalında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyevin geniş müsahibəsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, T.Gəncəliyev müsahibədə Ermənistanın etnik təmizləmə, işğalçılıq siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, Şuşa Dağlıq Qarabağın ən böyük şəhərlərindən biri idi və hər bir azərbaycanlının qəlbində mühüm yer tutur. Azərbaycanın Ermənistanla həmsərhəd bölgəsi olan Laçında ümumiyyətlə erməni əhalisi yox idi. Ermənistan bu bölgələri işğal edərək Azərbaycanın mədəni və tarixi irsini məhv edib, yüz minlərlə azərbaycanlını tarixi torpaqlarından qovub. Bu, yalnız ərazi itkisi deyil, həm də insan həyatının, mədəni və tarixi irsin itkisidir. Ancaq keçmişdə yaşadığımız bütün faciələrə baxmayaraq, doğma torpaqlarımıza - Şuşaya və Laçına qayıtmağa hazırıq.
T.Gəncəliyev təəssüflə qeyd edib ki, Azərbaycanın bütün səylərinə baxmayaraq, Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində diplomatik danışıqlar heç bir nəticə verməyib. “Ermənistan status-kvonu qorumaq və danışıqlar prosesinə mane olmaqla işğalı qanuniləşdirə biləcəyinə inanır. Ancaq nə Azərbaycan, nə də dünya birliyi buna imkan verməz və bir daha demək istəyirəm ki, zaman Ermənistanın əleyhinə işləyir. Azərbaycan və Moldovadakı münaqişələrlə bağlı dünya birliyinin mövqeyi eynidir: ərazi bütövlüyümüzü dəstəkləyirlər”, - deyə icma rəhbəri vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu