DÜNYA
Monteneqro Serbiya ilə münasibətlərdə yeni səhifə açmaq istəyir
Belqrad, 29 iyun, AZƏRTAC
Monteneqronun Baş naziri Dritan Abazoviç ölkəsinin Serbiya ilə münasibətlərdə yeni səhifə açmaq istədiyini və başda siyasi olmaqla bütün sahələrdə əməkdaşlığı maksimum səviyyəyə çatdırmağı hədəflədiklərini bildirib.
AZƏRTAC xəbər verir ki, D.Abazoviç Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Belqradda serbiyalı həmkarı Ana Brnabiç ilə görüşüb.
Monteneqronun Baş naziri rəsmi Belqradla yeni bir dövrə qədəm qoyduqlarını və iki ölkə arasında həll olunmayan problemin olmadığını deyib. O, Serbiyanı hər baxımdan Monteneqroya ən yaxın ölkə kimi xarakterizə edib. Vurğulayıb ki, Serbiyanın Baş naziri A.Brnabiç ilə görüşdə hər iki ölkədə qarşılıqlı səfirliklərin açılması məsələsi müzakirə olunub.
Serbiya, Albaniya və Şimali Makedoniyanın yaratdığı “Açıq Balkan” təşəbbüsünün iki ölkəni daha da yaxınlaşdırdığını bildirən A.Brnabiç isə ölkəsinin də Monteneqro ilə münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu vurğulayıb. O deyib ki, Serbiyaya həm siyasi, həm də iqtisadi baxımdan Monteneqro qədər yaxın ölkə yoxdur.
D.Abazoviç Serbiyaya səfəri çərçivəsində Prezident Aleksandr Vuçiçlə də görüşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad