SİYASƏT


Moskva görüşü Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistanın isə fiaskosudur

Bakı, 12 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Moskvaya səfəri, imzalanan üçtərəfli Bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Azərbaycan hərb meydanında qazandığı Zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir. Təbii ki, ortaq bəyanatda əksini tapan əməkdaşlıq məsələləri rəsmi Bakının şərtləri çərçivəsində qəbul olunub. Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat deyib: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Elə dövlətlər arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan yeni Bəyanatın qəbul olunması da təsdiqlədi ki, regionun gələcəyi məhz perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Ümumiyyətlə, üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetlərin müəyyən edilməsini nəzərdə tutur. Ən mühüm məsələlərdən biri 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkilinə dair qrafikin hazırlanmasıdır. Çünki bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılmasını və muxtar respublikanın blokadadan çıxarılmasını nəzərdə tutur. Bununla həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm kəsb edən nəqliyyat-kommunikasiya imkanları reallığa çevrilmiş olur.

Görüşdə diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin qalib dövlət rəhbəri statusunda çıxış etməsi idi. Ermənistanın baş naziri Nikol Paşinyan isə həddən artıq çaşqın durumu ilə yadda qaldı. Təsadüfi deyil ki, iki gündür Rusiya mediası Ermənistan baş nazirinin gərgin psixoloji durumunu, qeyri-adekvat davranışlarını müzakirə edir. Paşinyanın dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxışında qaldırdığı məsələlər, xüsusilə də status məsələsi, ümumiyyətlə, müzakirə mövzusu deyil. Rusiya Prezidenti Vladimir Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə toxunmadı. Bu məsələlər birgə Bəyanatda da əksini tapmayıb. Digər tərəfdən, Paşinyanın kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa çalışaraq, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabartması isə heç bir məntiqə sığmırdı.

Faktiki olaraq, Moskva görüşü Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistanın isə fiaskosudur. Birgə Bəyanat zamanı Paşinyanın çıxışına gəlincə, bu, daxili auditoriyaya hesablanmış iddialardan başqa bir şey deyildi. Məsələ burasındadır ki, daxili auditoriya da artıq Paşinyanın bu bəyanatlarını ciddi qəbul etmir. Xüsusilə Ermənistanda 44 günlük müharibədən sonrakı vəziyyət faciə kimi qiymətləndirilir. Yeganə çıxış yolu isə Ermənistanın əsassız iddialarından əl çəkərək öz fəaliyyətini və siyasətini bölgənin inkişaf perspektivinə hesablanmış addımlara yönəltməsindədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.