CƏMİYYƏT
Moskvada Kərim Kərimovun yubileyi qeyd edilib VİDEO
Moskva, 15 noyabr, AZƏRTAC
Moskvada görkəmli soydaşımız, sovet kosmonavtikasının banilərindən biri, general-leytenant Kərim Kərimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkilatçılığı ilə Kərim Kərimov adına 1583 saylı Moskva Gimnaziya Kompleksində keçirilən yubiley tədbirində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ÜAK-ın prezidenti Fazil Qurbanov, Kərim Kərimovun ailə üzvləri, rusiyalı kosmonavtlar, Azərbaycan diasporunun üzvləri və səfirliyin nümayəndələri iştirak ediblər.
Kərim Kərimov adına 1583 saylı gimnaziyanın direktoru Svetlana Dvoryantseva çıxış edərək yubiley tədbirinin təşkilinə görə Ümumrusiya Azərbaycan Konqresinə təşəkkür edib, bu təhsil ocağının Azərbaycanın və Rusiyanın böyük oğlu Kərim Kərimovun adını daşıdığına görə kollektivin fəxr etdiyini, onun həyat yolunun şagirdlərə örnək olduğunu qeyd edib.
Səfir Polad Bülbüloğlu çıxışında deyib ki, Kərim Kərimov Sovet İttifaqında çox yüksək mövqe tuturdu. O, savadı və bacarığı hesabına bu mövqeyə qalxmışdı. Kosmonavtika Sovet İttifaqında çox önəmli və prioritet sahə idi. Azərbaycanlılar Sovet İttifaqında Kosmosa Uçuş Dövlət Komissiyası sədrinin həmyerlimiz olduğunu bilmirdilər. Kərim Kərimovun şəxsiyyəti gizli saxlanılırdı. Yalnız Sovet İttifaqının süqutundan sonra biz həmyerlimiz barədə məlumat aldıq. Bu dahi insanın bütün həyatını kosmonavtikaya həsr etdiyini və bu sahəyə böyük töhfələr verdiyini bildik. “Mən onunla şəxsən tanış idim. Kərim Kərimov çox ciddi, təvazökar insan idi”, - deyə səfir qeyd edib.
Polad Bülbüloğlu bildirib ki, Rusiyada səfir olduğu müddətdə diasporun köməyi ilə Moskvada 157 saylı məktəbə bu dahi insanın adı verilib. Hazırda həmin məktəb artıq bir neçə təhsil kompleksini özündə birləşdirir. Məktəbdə təhsil alanlar Kərim Kərimovun kim olduğunu biləcəklər. Bu insandan nümunə götürmək, onunla fəxr etmək olar.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Kərim Kərimovun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzaladığını da xatırladıb.
ÜAK-ın prezidenti Fazil Qurbanov Kərim Kərimovun adını daşıyan gimnaziyada onun 100 illik yubileyinin keçirilməsinin əlamətdar hadisə olduğunu söyləyib: “Rusiya və Azərbaycan xalqlarını çoxəsrlik dostluq əlaqələri birləşdirir. Bu iki xalq dünya elminə çoxlu alimlər, ictimai xadimlər bəxş edib. Bu gün Rusiyada yaşayan Azərbaycan diasporu belə oğulları ilə hər zaman fəxr edir”.
General-leytenant Kərim Kərimovun nəvəsi Kərim Kərimov yubiley tədbirinin keçirilməsinə görə ailəsi adından Ümumrusiya Azərbaycan Konqresinə və Azərbaycanın Rusiyadakı səfirliyinə təşəkkürünü bildirib. Kərim Kərimovla bağlı xatirələrini bölüşən nəvəsi onun bütün həyatını işinə həsr etdiyini deyib: “Mən və qardaşım babamla bir evdə yaşamağımıza baxmayaraq onu gec-gec görürdük. O, çox vaxt ezamiyyətlərdə olurdu. Biz onun kosmonavtika ilə məşğul olduğunu bilirdik. Lakin onun nə vəzifə tutduğunu və işinin detallarını bilmirdik. Evimizdə kosmonavtlar qonaq olurdular. Onların danışdıqlarını böyük maraqla dinləyirdik. Bu tarix heç zaman bizim yaddaşımızdan silinməyəcək”.
Tədbirdə çıxış edən məşhur kosmonavt-konstruktor Sergey Korolyovun qızı Natalya Korolyova Kərim Kərimovun ailəsi ilə dostluq etdiklərini qeyd edib: “Atam öləndən sonra Kərim Kərimov hər il atamın ad günündə bizə gəlirdi. Həmin gün əfsanəvi Sergey Korolyovun doğum günü idi. Kərim Kərimov ömrünün sonuna kimi bu tarixi bizdə qeyd etdi”.
Yubiley tədbiri konsert proqramı ilə davam etdirilib. Gimnaziyanın musiqi kollektivi və “Odlar yurdu” rəqs ansamblının ifasında musiqi və rəqs nömrələri nümayiş olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva