SİYASƏT
Moskvada MDB İqtisadiyyat Şurasının iclası olub
İclasda ölkəmizi Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılığı ilə nümayəndə heyəti təmsil edib.
Əvvəlcə nümayəndə heyətlərinin rəhbərləri görüşüb, sonra müzakirəyə təqdim olunan mövzular geniş tərkibdə gözdən keçirilib. Bu məsələlər sırasına azad ticarət zonası haqqında 18 oktyabr 2011-ci il tarixli müqavilənin müddəalarının həyata keçirilməsi, energetika sahəsində əməkdaşlıq konsepsiyaları, bank sahəsində əlaqələrin möhkəmlənməsi, malların mənşə ölkələrinin müəyyənləşdirilməsi qaydaları haqqında 20 noyabr 2009-cu il tarixli Sazişdə dəyişikliklər, Birlik orqanlarının vahid büdcəsinin icrası, Birləşmiş Hava Hücumundan Müdafiə sisteminin yaradılmasına və inkişafına ayrılan vəsaitin istifadəsi, bir sıra təşkilati məsələlər, maliyyə-büdcə məsələləri və s. daxildir.
MDB İcraiyyə Komitəsinin sədri - İcraçı katib Sergey Lebedev qeyd edib ki, baxılmağa təqdim olunan sənədlər ilkin ekspert nəzarətindən keçib və Birliyin İqtisadiyyat Şurası yanında iqtisadi məsələlər üzrə komissiya tərəfindən hazırlanıb. Birliyin İqtisadiyyat Şurasının üzvləri MDB-yə üzv dövlətlərin baza təşkilatı kimi Beynəlxalq Nəqliyyat Akademiyasının müsbət fəaliyyətini qeyd ediblər. Bununla yanaşı, bir sıra təşkilati və maliyyə-büdcə məsələlərinə baxılıb.
Müzakirə zamanı söylənən təklif və iradlar nəzərə alınmaqla sənədlərin layihələri baxılmaq üçün MDB Hökumət Başçıları Şurasına təqdim ediləcək.
Birliyin İqtisadiyyat Şurasının növbəti iclasının bu il dekabrın 12-də Moskvada keçirilməsi nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva