MƏDƏNİYYƏT
Moskvada azərbaycanlı rəssam Nigar Süleymanın fərdi sərgisi açılıb VİDEO
Moskva, 8 dekabr, AZƏRTAC
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Nigar Süleymanın “İllüziya” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Nigar Süleyman əsərlərini yağlı boya ilə geometrik abstraksiya və simvolizm üslubunda yaradır. Onun əsərləri Moskvanın “Qostinıy Dvor” Sərgi Kompleksindəki “Art Russia 2020” müasir incəsənət yarmarkasında və “Golden Talent” onlayn -platformasında təqdim olunub, əl işlərinin bəziləri Rusiya və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. Rəssam əsərlərini həndəsi abstraksiya və simvolizm üslubunda yerinə yetirir. Tablolar sənətkarın emosiyalarını və daxili duyğularını əks etdirir.
Sərginin açılışında çıxış edən “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova əsərlərdə rəssamın emosiyalarının və düşüncələrinin əks olunduğunu qeyd edib.
“Nigar xanım Azərbaycanda doğulub, boya-başa çatıb və onun əsərlərindəki Şərq motivləri ilə abstraksionizmin birləşməsi də elə buradan qaynaqlanır. Sərgidə rəssamın daxili aləmini, eləcə də Azərbaycanın ruhunu, Azərbaycan xalqının qəlbinin genişliyini və müasir rəngkarlıq məktəbinin istiqamətlərini əks etdirən rəsm əsərləri təqdim edilir”, - deyə S.Qədirova bildirib.
Rəhbərlik etdiyi pavilyonda Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinin ön plana çəkildiyini vurğulayan Səadət Qədirova deyib: “Bu sərgi Vətənimizin zəngin mədəniyyətinin təbliğinə daha bir töhfədir”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun xanımı Gülnarə Şıxəliyeva rəssamı fərdi sərgisinin açılması münasibətilə təbrik edib, Nigar Süleymanın əsərlərində rəng çalarlarının uğurlu seçimini, Şərq və Qərb ənənələrinin birləşdiyini qeyd edərək deyib: “Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafının, zəngin tarixi ənənələrimizin təbliği olduqca vacib məsələdir. Nigar Süleymanın sərgisi bu istiqamətdə atılan daha bir uğurlu addımdır”.
Nigar Süleyman yaradıcılığına göstərdikləri diqqətə görə sərgiyə gələnlərə təşəkkürünü bildirib. Rəsmlərini yağlı boya ilə çəkdiyini vurğulayan rəssam deyib: “Abstrakt rəsmləri yağlı boya ilə çəkmək çətindir. Ancaq bu, mənim üslubumdur və mən öz ideyalarımı, düşüncələrimi emosiyalarımı məhz bu üslubda ifadə edə bilirəm. Son 10 ildə mənim xeyli rəsmlərim toplanıb və “Azərbaycan” pavilyonun rəhbəri Səadət xanımın təklifi ilə rəsmlərimin sərgisini təşkil etmək qərarına gəldim”.
Sərgi dekabrın 19-dək davam edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva