ELM VƏ TƏHSİL
Moskvada çapdan çıxan etnoloji külliyyatın növbəti cildi Azərbaycana həsr olunub
Bakı, 5 mart, AZƏRTAC
Moskvada çoxcildli “Xalqlar və mədəniyyətlər” etnoloji külliyyatının növbəti cildi olan “Azərbaycanlılar” kitabı “Nauka” elmi nəşriyyatı tərəfindən çap edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitab qədim, özünəməxsus etnik mədəniyyəti, zəngin adət-ənənəsi və mərasimləri olan azərbaycanlılar barədə etnoloji tədqiqat əsəridir.
Kitab Rusiya Elmlər Akademiyasının (REA) Etnologiya və Antropologiya İnstitutu əməkdaşlarının fəal iştirakı ilə azərbaycanlı alimlər tərəfindən nəşrə hazırlanıb.
Nəşr Azərbaycanın tarixi, coğrafi və mədəni aspektləri, xalq adətləri, mərasimləri, folkloru da daxil olmaqla, orijinal ənənəvi-məişət mədəniyyəti barədə məlumatları əks etdirir.
Kitabın məsul redaktorları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsinin rəhbəri, professor Əliağa Məmmədli və REA-nın Etnologiya və Antropologiya İnstitutu Qafqaz şöbəsinin baş elmi əməkdaşı, tarix elmləri namizədi Lyubov Solovyovadır.