DÜNYA
Moskvada koronavirusun yayılması ilə mübarizə tədbirləri gücləndiriləcək
Moskva, 9 iyun, AZƏRTAC
Moskvada insanların sıx toplaşdığı yerlərdə, o cümlədən iaşə müəssisələrində, ticarət mərkəzlərində, gecə klublarında maska və əlcək taxılması rejiminə nəzarət gücləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya paytaxtı Baş Nəzarət İdarəsinin rəisi Yevgeni Dançikov məlumat verib.
O xatırladıb ki, maska və əlcək taxılması rejiminin pozulmasına görə fiziki şəxslər üçün 4 mindən 5 min rubladək, hüquqi şəxslər üçün isə 300 mindən 1 milyon rubladək cərimə nəzərdə tutulub. İdarə rəisi şəhər sakinlərini aktiv şəkildə peyvənd vurdurmağa çağırıb.
Qeyd edək ki, Moskvada epidemioloji vəziyyət pisləşib. Şəhərdə koronavirusa gündəlik yoluxma 4 min nəfəri keçib. Bu, yanvar ayından sonra maksimum göstəricidir.
Moskva meri Sergey Sobyanin COVID-19 infeksiyasına yoluxma hallarının artmasına baxmayaraq, şəhərdə lokdaun tətbiq edilməyəcəyini bildirib. Eyni zamanda, Moskva hökuməti koronavirusla mübarizə üçün əlavə xəstəxanalar açmaq niyyətindədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva