CƏMİYYƏT
Mövsüm Rəhimov: Çoxmillətli şəhər olmasına baxmayaraq, Dərbənddə ortaq mədəniyyət mövcuddur
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycanlıların kompakt yaşadıqları Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində müxtəlif xalqlar var. Tarixboyu azərbaycanlılar burada yaşayan xalqlarla birgə çalışıb, təhsil alıblar. Burada həmişə sabitlik, sülh olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dərbənd Şəhər Deputatlar Məclisinin sədri Mövsüm Rəhimov deyib.
Sədr qeyd edib ki, xalqlar müxtəlif adət-ənənələrə malik olmalarına, fərqli dinlərə etiqad etmələrinə baxmayaraq, yaşadıqları region onlar arasında ortaq mədəniyyətin formalaşmasına səbəb olub. Milliyyətindən, dinindən asılı olmayaraq bütün xalqlar Dərbəndin qədim tarixinə hörmətlə yanaşırlar. Azərbaycanlıların, ləzgilərin, avarların, yəhudilərin və digər xalqların bir şəhərdə sülh, əmin-amanlıq içərisində yaşamaları ölkədə tolerant mühitin formalaşmasından xəbər verir. Şəhərin inzibati vəzifələrində soydaşlarımızla yanaşı, digər xalqların nümayəndələri də çalışırlar.
Mövsüm Rəhimov qeyd edib ki, bu gün məqsəd qonşu ölkələrin marağını regiona cəlb etmək üçün turizm infrastrukturunu inkişaf etdirməkdir. Dərbənd şəhərində “Narın qala” və digər tarixi yerlərin olduğunu deyən M.Rəhimov əlavə edib ki, bu gün şəhərdə turizmin inkişaf etdirilməsi üçün tədbirlər görülür. Çox istəyərik ki, azərbaycanlı turistlər də Dağıstana, o cümlədən qədim Dərbənd şəhərinə gəlsinlər və turizm potensialından istifadə etsinlər.