MƏDƏNİYYƏT
Müasir İncəsənət Muzeyində “Nuda Veritas” sərgisi açılacaqdır
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 13-dən 27-dək Müasir İncəsənət Muzeyində gənc kurator Samir Səfinin debüt layihəsi olan “Nuda Veritas” sərgisi keçiriləcəkdir.
“YARAT!” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, başlıca kurator ideyası vaxtilə sovet senzurasının şərtləri daxilində Azərbaycan incəsənətinin liberallaşdırılması üçün zəmin yaratmış doqquz rəssam - Əşrəf Murad, Rasim Babayev, Cavad Mircavadov, Altay Sadıqzadə, Mir Nadir Zeynalov, Eldar Qurban, Kamal Əhməd, Hüseyn Haqverdi və Səbinə Şıxlinskayanın işlərinə əsaslanır.
“Nuda Veritas” (latın dilindən tərcümədə “Çılpaq həqiqət”) layihəsinin adı sadəcə icazə verilənin sərhədlərini genişləndirmək deyil, eyni zamanda, sosial realizmin pik həddində müəllifin subyektiv qavraması, şəxsi təcrübə və həyəcanları əsasında qurulmuş fərqli incəsənət yaratmaq cəhdini əks etdirir.
Rəssamların müxtəlif zamanlarda üz tutduqları çılpaq natura təsviri XX əsrin ikinci yarısında Azərbaycanda həqiqət və özünüifadə axtarışının metaforuna, həmçinin rəsmi ideologiya ilə mübarizə simvoluna çevrilmişdir.
Sərginin konsepsiyası 2013-cü ilin mart ayında qeyri-kommersiya təşkilatı olan “YARAT!” Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində Azərbaycanın Əməkdar Rəssamı Səbinə Şıxlinskayanın “Müasir incəsənətdə kurator və mediator təcrübələri” adlı ustad dərsi nəticəsində yaranmışdır.
Ustad dərsin üç iştirakçısının kurator ideyaları həyata keçirilməyə layiq görülmüş və bu ideyalar cari ildə Müasir İncəsənət Muzeyində təmsil ediləcəkdir.
“Nuda Veritas” sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir. Burada təqdim edilmiş əsərlər isə Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.
“Nuda Veritas” sərgisinin bədii tərtibatında həm də gənc müəlliflər Fərhad Fərzəliyev audiokompozisiya və Anar Qurbanov videovizuallaşdırma işləri ilə iştirak etmişlər.