ELM VƏ TƏHSİL
“Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçiriləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, Gənc Alim və Mütəxəssislər Şurasının və AMEA-nın Azad Həmkarlar İttifaqının birgə təşkil etdiyi “Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konfransın təşkilinin məqsədi istedadlı gənclərin elmə cəlb olunması, onların karyera yüksəlişində problemlərinin həlli yollarının, eləcə də prioritet istiqamətlər üzrə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və faydalı müzakirələrin aparılmasıdır.
Tədbirdə “Elmi məktəblər və fundamental elmi axtarışlar”, “Elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli”, “Yüksək Texnologiyalar Parkı – innovativ ideyaların real məkanı”, “Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri” mövzuları ətrafında diskussiyalar aparılacaq.