Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir
AzerTAg.az
Sabirabad, 23 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda Ümummilli Liderin həyat və fəaliyyətinə dair silsilə tədbirlər davam etdirilir. Tədbirlərin davamı olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sabirabad rayonu Şıx Salahlı kənd sakini, təqaüdçü Bəylər Heydərov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyi və bütövlüyü təmin edən, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan işlər görülüb. Vurğulanıb ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Sabirabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Güləndam Səmədova, N.Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəbin 9-cu sinif şagirdi Füruzə Bəşirzadə çıxış ediblər.
Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqqədin Cabbarov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutub. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. Vurğulanıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir.







Xəbərin mətnində orfoqrafik səhv var