CƏMİYYƏT
Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində “Böyük qayıdışın şah əsəri - Şuşa!” adlı tədbir keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Azərbaycan Hərb Tarixi Muzeyinin (AHTM) təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Şuşa şəhərinin yaradılmasının 270 illiyinə həsr olunmuş “Böyük qayıdışın şah əsəri - Şuşa!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin kursant heyəti, “Art-Accent” studiyasının şagird və müəllim heyəti iştirak edib.
Mərasimdə “Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun şanlı Qələbəsidir” mövzusunda məruzə ilə çıxış edən AHTM-in rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib: “Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə başa çatdı və Azərbaycan Silahlı Qüvvələri əzəli torpaqlarımızı düşmən işğalından azad etdi. Tarixi Qələbənin memarı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, hərəkətverici qüvvəsi isə Azərbaycan əsgəri oldu. İşğalçı Ermənistan üzərində qazanılmış Zəfər xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən biri kimi bizim və sonrakı nəsillər üçün iftixar mənbəyi olaraq qalacaq”.
Qeyd olunub ki, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri qalın meşələrdən, dərin dərələrdən keçərək, Şuşanın sıldırım qayalarına dırmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşıyaraq bir neçə istiqamətdən şəhərə daxil oldu. İşğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan Ordusunun dağ piyadaları erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. Şuşanın azad edilməsi zamanı yüzlərlə erməni hərbçisi məhv edildi, çoxu itkin düşdü.
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri müharibənin taleyini həll etdi. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.
Azərbaycan Neft və Sənaye Universitetinin İctimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru professor Camal Mustafayev və Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Yeni tarix” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru dosent Hacı Həsənov mövzu ətrafında çıxış edərək bildiriblər ki, Şuşanın azad edilməsi ordumuzun gücünün, xalqımızın birliyinin və Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin göstəricisidir. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Şuşa Azərbaycan əsgərinin şücaəti sayəsində işğaldan azad edildi.
Daha sonra Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib və “Art-Accent” studiyasının azyaşlı tələbələrinin çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin bədii hissəsində hərbi vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.