CƏMİYYƏT
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunub
Azərbaycanda kosmik sənayenin inkişafında mühüm xidmətləri olan akademik Tofiq İsmayılovun xatirəsi yad edilib
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyində (MAKA) Dünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə agentliyin binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri açan Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov vurğulayıb ki, aprelin 12-si bütün dünyada, eləcə də Azərbaycanda Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Ölkəmizdə də kosmik sahə ilə əlaqədar önəmli işlər görülür. Azərbaycanda kosmik sahənin inkişafında akademik Tofiq İsmayılovun mühüm xidmətləri var.
Akademik Tofiq İsmayılovun fəaliyyəti barədə məlumat verən Natiq Cavadov bildirib ki, görkəmli alim 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində “Kaspi” Elmi Mərkəzinə, 1981-ci ildə bu qurumun bazasında yaradılan Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinə (KTEİB) və sonradan Milli Aerokosmik Agentliyə rəhbərlik edib. Elmi və məxsusi cihazqayırma sahəsində tanınmış alim olan T.İsmayılovun rəhbərliyi ilə müəssisə kosmik sahə ilə bağlı bir sıra sanballı işlərin həyata keçirilməsinə nail olub. Akademikin xatirəsi daim qəlbimizdə yaşayır və onun ənənələri bu gün də MAKA-nın kollektivi tərəfindən yaşadılır. Buna misal olaraq agentlikdə yaradılan Tofiq İsmayılov muzeyinin fəaliyyətini göstərmək olar.
Müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev nazirliyin rəhbərliyi adından Dünya Aviasiya və Kosmonavtika Günü münasibətilə kollektivi təbrik edib. Tofiq Rəfiyev deyib ki, kosmik sahədəki nailiyyətlər dünyada kosmik elminin və sənayesinin inkişafına böyük təkan verib. Bu sahədə yeni elm və istehsalat sahələri yaranıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində “Kaspi” Elmi Mərkəzinin yaradılması ölkəmizdə yeni elm sahəsinin və milli kadrlar məktəbinin formalaşmasına imkan verib. Belə milli kadrlardan biri də “Kaspi” Elmi Mərkəzinin ilk baş direktoru, bu qurumun inkişafında böyük əməyi olan Tofiq İsmayılov idi. Böyük alim və təşkilatçı olan T.İsmayılov SSRİ-nin aparıcı elmi mərkəzləri ilə qısa müddətdə sıx əlaqələr yaradıb, birgə elmi tədqiqat işləri aparıb. Onun rəhbərliyi dövründə təşkilat inkişaf edib və Agentlik statusuna qədər yüksəlib.
Nazir müavini qeyd edib ki, son 15 ildə müstəqil respublikamızın kosmik sənayesi ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir və bu sahədə mühüm uğurlar əldə olunub. Dövlətimizin başçısının 2009-cu il 17 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda əsas vəzifələr dəqiq müəyyənləşdirildi. Respublikamızda digər qurumlarla yanaşı, Müdafiə Sənayesi Nazirliyinin, o cümlədən 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyin qarşısında konkret vəzifələr qoyulub və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində digər istiqamətlərlə yanaşı, kosmik sənaye sahəsində də mühüm uğurlara imza atılacaq, Azərbaycanın adı qabaqcıl kosmik ölkələrin sırasında olacaq.
Vaxtilə Tofiq İsmayılov ilə birlikdə çalışmış MAKA-nın əməkdaşları Rafiq Ağamalıyev, İman Əsgərov akademiklə bağlı xatirələrini bölüşüblər. Agentliyin gənc əməkdaşı Günel Əliyeva isə akademikin zəngin elmi irsinin gənc nəslə örnək olduğunu vurğulayıb.
Tofiq İsmayılovun oğlu Heydər İsmayılov atasının xatirəsinə göstərilən dərin ehtirama görə ailəsi adından minnətdarlığını bildirib.
Sonra Tofiq İsmayılovun kabinet-muzeyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
Bildirilib ki, muzeydə Tofiq İsmayılova məxsus sənədlər, onun fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və digər şəxsi əşyaları nümayiş olunur. Muzeyin Azərbaycanda kosmik sənaye sahəsində qazanılan nailiyyətlərin, eləcə də bu sahədə mühüm xidmətləri olan T.İsmayılovun fəaliyyətinin gənc əməkdaşlar arasında təbliğində mühüm rol oynayacağı vurğulanıb.
Sonda tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Tofiq İsmayılovun xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.