ELM VƏ TƏHSİL
Müəllim və tələbələr istehlakçı hüquqlarının qorunması barədə məlumatlandırılıb
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Universitetində biznes və iqtisadiyyat fakültəsinin müəllim və tələbələri üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən “İstehlakçı hüquqlarının qorunması prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəisinin müavini Araz Əliyev və qurumun tədris, maarifləndirmə və beynəlxalq əlaqələr sektorunun müdiri Yusif Hüseynov aparıblar.
Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov istehlakçı fəallığının artırılmasında maarifləndirmə tədbirlərinin böyük rol oynadığını qeyd edib, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən seminar və konfransların bu baxımdan əhəmiyyətini vurğulayıb.
Seminarda Araz Əliyev istehlakçı hüquqları haqqında qanunların tarixi, dünyada bu qanunların qəbul olunması və Azərbaycanda tətbiqindən, eləcə də təmsil olunduğu qurumun gördüyü işlərdən söz açıb.
Yusif Hüseynov isə “Hər bir istehlakçı öz hüququnu bilməlidir” mövzusunda təqdimatla çıxış edib.
Seminar iştirakçılarına istehlakçı hüquqlarının qorunması, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işinin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi haqqında məlumat verilib, maarifləndirici materiallar – buklet və yaddaş kitabçaları paylanılıb. Qeyd olunub ki, hüquqlarının pozulması halları ilə rastlaşan istehlakçılar nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət edə bilərlər. İstehlakçı hüquqlarını pozanlar İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə cəzalandırılır.
Sonda iştirakçıların sualları cavablandırılıb.