ELM VƏ TƏHSİL
Müəllimlərin İKT bacarıqlarının inkişafında və tədqiqatçı şagirdlərin formalaşmasında “Virtual məktəb”in rolu
Bakı, 3 fevral, AZƏRTAC
Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”də dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, təhsilin fasiləsizliyini və davamlılığını təmin edən layihə çərçivəsində müəllim və şagirdlər üçün açıq qeydiyyat, video və audiodərslərin təşkili, tədris cədvəllərinin tənzimlənməsi, qrup işlərinin təşkili, ev tapşırıqlarının təyinatı, qiymətləndirmə, nəzarət mexanizmləri kimi bir çox imkanlar təqdim olunur. Bu imkanlardan faydalanan müəllimlər bildirirlər ki, dərslərdə izah edilən anlayışların vizuallaşdırılması mövzunun şagirdlər tərəfindən daha yaxşı qavramasına, uzun müddət onların yaddaşında qalmasına kömək edir. Platformada müxtəlif fənlərin tədrisində istifadə olunan geniş interaktiv alətlər onların dərslərini daha maraqlı etməyə imkan yaradır.
Dərsin mövzusuna uyğun olaraq müxtəlif alətlərə müraciət edən fizika fənni müəllimi Aysel Quliyeva hazırladığı vizual təqdimatlar, intellektual oyunlar ilə şagirdlərin rəğbətini qazanıb. Onun və digər innovativ müəllimlərin müasir tədris metodları barədə hazırladıqları video materiallar ilə “Virtual məktəb”in müəllim bloqları bölməsində (https://virtual.edu.az/blog) tanış olmaq mümkündür.
Müasir texnologiyalardan istifadə etməklə dərslərini dinamik, müasir və şagirdlər üçün cəlbedici təşkil edən ibtidai sinif müəllimi Arzu Nəsirli də davamlı olaraq öz təcrübəsini digər müəllimlərlə paylaşır. Onun “Microsoft Forms” ilə tapşırıqvermə üsulları, “Thinklink” aləti ilə layihə əsaslı öyrənmə, “Padlet” vasitəsilə müzakirələrin təşkili və bu kimi digər maraqlı alətlər barədə video materiallarını müəllim bloqlarında izləmək olar.
Müəllimlər hesab edirlər ki, “Virtual məktəb” onlara dərslərini müəllim-şagird əməkdaşlığı müstəvisində qurmağa yardımçı oldu: “Fəal təlim şəraitində şagirdlərlə birgə tədqiqatlar, araşdırmalar aparır, müqayisə və təhlillər edirik. Bəzi hallarda isə müasir texnologiyalar üzrə yenilikləri şagirdlərimizdən öyrənirik”.
İstifadə olunan müasir texnologiyalar müəllimlərin İKT bacarıqlarının artmasına və nəticədə yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açmaqla yanaşı, rəqəmsal bacarıqları yüksək olan tədqiqatçı şagirdlərin də formalaşmasına müsbət təsir göstərib. Belə ki, təlim prosesində yaradıcı tərəf kimi iştirak edən şagirdlər artıq öz virtual dərs təcrübələri barədə videolar hazırlayaraq təqdim edirlər. Bu videoları isə “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində “Virtual gündəlik” rubrikasında izləmək mümkündür.