ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün keçid balı müəyyənləşdirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-dən müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib.
Keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 30 müəyyən edilib. Mövcud qaydalara əsasən, keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Bu fənlər üzrə işə qəbul imtahanlarında iştirak edərək keçid balını toplamış namizədlər sentyabrın 8-i saat 14:00-dan sentyabrın 9-u saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Qeyd edək ki, digər fənlər üzrə keçid balı və vakansiya seçiminin tarixi barədə yaxın günlərdə məlumat veriləcək. Əvvəlki ildən fərqli olaraq cari ildə peşə təhsili müəssisələrində mövcud vakant yerlər də namizədlərin seçimi üçün təqdim ediləcək.