ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başa çatıb
Bakı, 19 avqust, AZƏRTAC
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibə mərhələsinə müvafiq keçid balını toplayan, vakant yeri tutmaq hüququ əldə edən 2 min 371 nəfər dəvət olunub. Dəvət olunanlardan 269 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edənlərdən 1793 nəfəri müəllim adını qazanıb. Namizədlərin müsahibə nəticələri şəxsi səhifələrində yerləşdirilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər cari il avqustun 30-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Növbəti yerləşdirmədə tutulmayan və tədris ili başlayanadək yaranan yeni vakant yerlər elan ediləcək. Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.