ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilir

Bakı, 1 avqust, AZƏRTAC

Ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi yekunlaşıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 16-dan başlanan bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib.

Test imtahanının nəticələri bu gündən etibarən namizədlərin şəxsi səhifələrinə göndərilir. Avqustun 3-dən isə vakansiya seçimi mərhələsinə başlanılacaq. Vakansiya seçimi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini yükləyərək, vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda göstərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti dərs ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.