CƏMİYYƏT
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib və iştirakçılar onlayn təşkil edilən beynəlxalq konfransa qoşulublar.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri Nərimanov rayonundakı 45 nömrəli orta məktəbin və Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseyin şagird və müəllimlərinin də qatıldıqları tədbirdə çıxış edən Təşkilatın sədri Fatma Səttarova müasir dünyamızda sülhün və təhlükəsizliyin rolundan danışıb, uşaqların firavan gələcəyi, insanların təhlükəsizliyi üçün sülhün əsas amil olduğunu vurğulayıb.
Beynəlxalq konfransda çıxış edən Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Ermənistanın otuz ilə qədər davam edən işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən ziyandan danışıb, erməni faşizminin bütün dünyada sülh və təhlükəsizlik üçün ən böyük təhdid olduğunu diqqətə çatdırıb. Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarımızda erməni vandalları tərəfindən dağıdılan tarixi, mədəni, dini abidələrin, sosial infrastrukturun bərpa edilməsində beynəlxalq təşkilatların, dünya güclərinin ölkəmizə dəstək verməsinin vacibliyindən söz açan Cəlil Xəlilov Prezident İlham Əliyevin Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində ciddi addımlar atdığını vurğulayıb. Sədr müavini qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin sülh səylərini dəstəkləməli, Azərbaycan dövlətinin sülh siyasətini fəal şəkildə müdafiə etməlidir.
Daha sonra tədbir açıq səma altında davam etdirilib. Polkovnik C.Xəlilov məktəblilərlə söhbətində sülh və təhlükəsizliyin önəmindən bəhs edib, dövlətimizin Qarabağda apardığı nəhəng quruculuq işlərindən danışıb. O, hər bir yeniyetmə və gəncin vətənpərvərlik ruhunda tərbiyəsinin önəminə toxunub. Azərbaycan gəncliyinin Vətən sevgisi ilə fəxr etdiyini, İkinci Qarabağ müharibəsində gənclərin böyük qəhrəmanlıqlar göstərdiklərini deyib.
Tədbirin sonunda sülh rəmzi olan göyərçinlər və şarlar səmaya buraxılıb.