SİYASƏT
Müharibə veteranı: Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatları hamımızı ürəkdən sevindirir
Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ermənistan silahlı birləşmələri tərəfindən sentyabrın 27-də başlanan növbəti təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları hamımızı ürəkdən sevindirir. Uzun illərdir ki, işğal altında olan neçə-neçə yaşayış məntəqəmiz təxribatlara layiqincə cavab verən Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində düşməndən azad olunub, strateji əhəmiyyətli yüksəkliklər, zirvələr ələ keçirilib. Düşmən həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər verib. Düz 30 ildir ki, hamımız bu xoş müjdəni gözləyirdik. İnanırıq ki, mənfur düşmənin ayağı doğma torpaqlarımızdan birdəfəlik yox olacaq, Vətənimizin başı üzərindəki qara buludlar çəkiləcək.
Bu fikri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon təşkilatının sədri Məmmədnuru Əzizov söyləyib.
“Cəbhə bölgəsində baş verən hadisələr onu göstərir ki, ordumuzun döyüş ruhu olduqca yüksəkdir. Düşmən tezliklə öz layiqli cəzasını alacaq. İnanırıq ki, torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə düşməndən azad olunacaq. Azərbaycan Ordusu buna qadirdir”, - deyə Qarabağ müharibəsi veteranı qeyd edib.