“Müharibələrsiz və hərbi münaqişələrsiz dünya” festivalına Bakıda yekun vurulacaq
AzerTAg.az

Bakı, 3 oktyabr (AZƏRTAC). Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dəvəti ilə ölkəmizə səfərə gəlmiş Ehtiyatda və İstefada olan Zabitlərin Təşkilatlarının Beynəlxalq Məsləhətləşmə Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlara əvvəlcə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi barədə məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri Aleksandr Kanşin görüşə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını çatdırıb. O, hazırda komitənin təşkilatçılığı ilə “Müharibələrsiz və hərbi münaqişələrsiz dünya” adlı sənədli filmlər və televiziya proqramları festivalının keçirildiyini və bu festivala Bakıda yekun vurulması barədə qərar qəbul edildiyini bildirib.
Sonra müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev komitənin fəaliyyətinin xeyirxah məqsəd daşıdığını, onun veteran təşkilatları arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə müsbət təsir göstərdiyini qeyd edib.
Görüşdə Müdafiə Nazirliyinin şəxsi heyət baş idarəsi mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov, Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, ehtiyatda olan polkovnik Cəlil Cəlilov iştirak ediblər.
Xəbərin mətnində orfoqrafik səhv var