CƏMİYYƏT


Müharibənin qadın üzü daha acı, daha ağrılıdır...

Bakı, 16 avqust, AZƏRTAC

Publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova türksevdası.org saytının baş redaktoru Sevda Zülfüqarlıdan “Müharibə və qadın” mövzusunda müsahibə alıb. AZƏRTAC həmin müsahibəni oxucularla bölüşür.

̶ Müasir xalq şüurunda qalibiyyətin obrazı kişi ilə bağlıdır. Qadınların müharibədə iştirakını adətən arxa cəbhə və yaxud görünməyən qəhrəmanlar kimi qələmə verirlər. Sizin fikrinizcə, bu, nə ilə bağlıdır? Bizim millətə xas olan mentalitetdənmi irəli gəlir?

̶ Bəlkə də son zamanlar qazanılan mental dəyərlərə görə belə düşünmək olar. Amma mən bu dəyəri türk mədəniyyətinə yad hesab edirəm. Türk mədəniyyətində heç zaman qadın-kişi ayrı-seçkiliyi olmayıb. Həyat bərabər bölünüb. Qadın ilə kişi bərabər hüquqa malik olub. Hər bir işdə qadının da töhfəsi olub, o cümlədən qələbələrdə də, uğurda da. Məncə, hər uğurlu kişinin arxasında bir qadın var. Əgər müharibəyə gedən kişinin evində, övladlarının başında ağıllı, güclü bir qadın olmasa, o kişi qələbə qazana bilməz. Kişinin gözü arxada qalmamalıdır, övladlarından, ailəsindən nigaran qalmamalıdır. Bu baxımdan bəli, sizinlə razıyam, qadınlar müharibənin görünməyən qəhrəmanlarıdır və əsas pay da, yük də onların çiyinlərindədir. Amma nəzərinizə çatdırım ki, ön cəbhədə də bizim kifayət qədər qadınlarımız döyüşüblər. Birinci Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə ad çıxarmış döyüşçü qadınlarımız olub. Elə Vətən müharibəsində də əsgərlərimizlə çiyin-çiyinə döyüşən qadınlarımız oldu.

̶ Müharibənin qadın üzü varmı?

̶ Müharibənin qadın üzü… Müharibənin qadın üzü dedikdə, mənim gözlərim önündə oğlunun yolunu gözləyən əsgər anası, həyat yoldaşı, qızı canlanır. Mən Vətən müharibəsində onları gördüm və qürur duydum. Və yaxud da şəhid anası, bacısı, qızı, bunlar da müharibənin qadın üzüdür. Müharibənin qadın üzü daha acı, daha ağrılıdır. Kişilər canını qoyur, şəhid olur, qürurludur. Qadınlar isə canlarının yarısını qurban verir, nə ölə bilir, nə də yaşaya…

̶ Müharibədə, xalq savaşında iştirak edən qadın... Bu ifadəni səsləndirəndə sizin təsəvvürünüzdə hansı təsvir canlanır?

̶ Yuxarıda adlarını sadaladıqlarım qadınların hamısı müharibə iştirakçısıdır. Tibb bacısı da, əsgər anası da, qızı da, bacısı da.

̶ Tarix boyu el-obamızda mərd, cəsarətli qadınlarımız olub, kişilərlə yanaşı vuruşan, Vətənin qeyrətini çəkən qadınlar. Həm döyüş meydanında, həm ictimai-siyasi həyatda öz hünər-məharətlərini göstərən xanım-qızlarımız. Sizcə bu obraz indiki həyat ritmi və tərzi ilə səsləşirmi? Yəni zaman keçdikcə öz aktuallığını qoruyub-saxlaya bilibmi və ümumiyyətlə, müasir cavanlarımız üçün Sizcə örnək mənbəyidirmi? Klişedən uzaq olmağa çalışsaq da belə, indiki dəyərlərlə həmahəngdirmi?

̶ Məncə, bir millətin genində qəhrəmanlıq varsa, o lazımi məqamda özünü büruzə verəcək. Tariximiz boyu bizim kifayət qədər qəhrəman qadınlarımız olub. Göy türklərdən bu yana at belində dövlətini qoruyan, dövlət quran xanımlarımız olub. Tomris, Sara xatun kimi qəhrəman qadınlarımız olub və olacaq. Birinci Qarabağ savaşında da dəmir biləkli kişilərimizlə çiyin-çiyinə döyüşən xanımlarımız olub. Yəni yüzlərlə ad çəkmək olar ki, müharibədə kişilərlə birlikdə düşmənə qarşı savaşıblar. Allah rəhmət eləsin, onlarla şəhid xanımlarımız var.

̶ Qadınların könüllü olaraq müharibəyə getməsi fenomeni tədqiqatçıları indiyədək düşündürür, elmi araşdırmaların mövzusuna çevrilir. Sizcə qadınları öz isti yuvalarını, ocaqlarını tərk edib döyüş meydanına yollanmasına nə sövq edir?

̶ Mən Vətən sevgisini cinsiyyətə bölməyin tərəfdarı deyiləm. İstər kişi olsun, istər qadın, xalqını, millətini, dövlətini sevirsə, onu qorumağa da hazır olmalıdır. 2019-cu ildə Türkiyə televiziyasında müsahibəm zamanı "Savaş başlarsa əgər, mən də igidlərimizlə birlikdə döyüşə gedəcəyəm” söyləmişdim və fikrimi tamamlayaraq bildirmişdim ki, insan anasız, atasız, övladsız yaşaya bilər, amma Vətənsiz yaşaya bilməz!

̶ Nobel laureatı Svetlana Alekseeviçin “Müharibənin qadın olmayan üzü” romanından qısa bir fraqmenti diqqətinizə çatdırmaq istərdim. “İndiyə qədər irili-xırdalı, yaddaqalan, unudulan minlərlə müharibə olub. Və biz bütün bu müharibələri "kişilərin dili”, "kişilərin səsi” ilə tanımışıq. Qadınlar bütün müharibələrdə susublar. Sanki bütün müharibələr onlardan yan keçib həmişə, sanki heç bir müharibə heç bir qadına təsir etməyib kimi. Mən hərdənbir necəsə bir qadının dilindən müharibəni eşidərkən görürdüm ki, bu tamam fərqli bir müharibədir, bizə olduqca yad bir müharibə. Qadınlar danışanda mən onların dilindən adət etdiyimiz qəhrəmanlıq hekayələrini, bombardmanları, uçub-tökülən binaları, qalib gələnləri, məğlub olanları eşitmirdim. Qadınların müharibəsinin öz rəngi, öz əzabı, kədəri, öz səsi vardır...”.

- Həqiqətən də müharibə haqqında qadın xatirələri və müharibə haqqında rəsmi yaddaş mədəniyyəti iki müxtəlif müstəvidə yaşayır bəzən. Bu haqda öz düşüncələrinizlə bölüşərdiniz...

̶ Bizim yazarlarımızın da müharibədən bəhs edən kifayət qədər əsərləri var ki, orada həm döyüşən qadınlarımızdan, həm də arxa cəbhədə çalışan xanımlarımızdan bəhs edilir. İstər İkinci Dünya müharibəsi, istər Birinci Qarabağ savaşı, istərsə də Vətən müharibəsində biz qadınlarımız və onların xidmətlərini gördük. Müharibə haqqında qadın xatirələrinə gəlincə, təsadüfi deyil ki, Vətən müharibəsindən bir neçə gün öncə mən müqəddəs üç rəngli bayrağımızı Xəzər dənizinin dərinliyində dalğalandıraraq niyyət etmişdim ki, məhz o bayrağımızı Şuşada dalğalandırım. Bilməzdim ki, bir neçə gün sonra müharibə başlayacaq və mən arzuma çatacağam. Müharibənin ilk günlərində mən öz sahəm üzrə Tərtər-Ağdam istiqamətində fəaliyyət göstərirdim. Oktyabrın 1-i artıq biləndən sonra ki, Füzuli istiqamətində cəbhə yarılıb və bölmələrimiz bir neçə istiqamətdə irəliləyir qərara gəldim ki, fəaliyyətimi öz sahəm üzrə yox, könüllü olaraq döyüş əməliyyatları gedən istiqamətdə davam etdirim. Füzuli rayonuna gəldikdə şəhidlərimizin evlərinə uğurlandığı məscidi gördüm və oradakı mənzərə məni çox sarsıtdı. Qeyd etmək istəyirəm ki, ölkəmizdə səfərbərlik elan olunduqda mən də Bakı şəhəri Xətai rayon səfərbərlik şöbəsinə elektron qaydada müraciət etmişdim. Düşündüm ki, müraciətim cavablanana qədər qeyd olunan məsciddə şəhidlərimizin yola salınmasına köməklik göstərim. Sonuna qədər də bu işin öhdəsindən layiqincə gəldim. Xatirələrə gəldikdə isə 44 günlük Vətən müharibəsinin hər bir dəqiqəsi ağrılı, acılı, kədərli və sevincli olub. Bir tərəfdən göz yaşları içində şəhid yola salırıq, bir tərəfdən də ardıcıl olaraq kənd və şəhərlərimizin azad olunmasını eşidib göz yaşları ilə yaşayırdıq. Yaşasın Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!

̶ Ətraflı və səmimi cavablarınıza görə təşəkkür edirəm.

̶ Mən də sizə təşəkkür edirəm, çox sağ olun ki, vaxt ayırdınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.