SİYASƏT


Müqəddəs Taxt-Tacın dövlət katibinə erməni vandalizmi barədə məlumat verilib

Müqəddəs Taxt-Tacın dövlət katibinə erməni vandalizmi barədə məlumat verilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin yüksək səviyyəsi, ikitərəfli görüşlərin müntəzəmliyi razılıqla qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını qeyd edərək, bunun əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini bildirib.

Nazir, həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təbiətə qarşı törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni, dini irs barədə ətraflı məlumat verib. Azərbaycanın azad edilmiş ərazilərimizdə infrastrukturun, nəqliyyat-kommunikasiya xətlərinin bərpasını həyata keçirdiyi qeyd edilib. Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 1990–cı illərin əvvəllərindən 3800-dən çox itkin düşmüş azərbaycanlı barədə hələ də məlumat olmadığı diqqətə çatdırılıb.

Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşacağına və sülhün bərpa olunacağına ümid etdiyini bildirib. O, Azərbaycanın Vatikanda səfirliyinin açılmasının vacib addım olduğunu, əlaqələrin daha da genişlənməsi üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.