SİYASƏT
Murmanskda ümummilli lider Heydər Əliyevin ad günü qeyd ediləcəkdir
Bakı, 25 aprel (AZƏRTAC). Hər il may ayında Azərbaycanda və həmvətənlərimizin yaşadıqları bir çox digər ölkələrdə ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş təntənəli tədbirlər keçirilir.
Mayın 7-də Murmanskda Ümumrusiya Azərbaycan Konqresinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatlarının regional bölmələrinin təşkilati dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 89 illiyi ilə bağlı tədbirlər keçiriləcəkdir.
Tədbir iştirakçılarına böyük siyasi xadim haqqında kitablar və fotoalbomlar təqdim olunacaq, Rusiyanın və Azərbaycanın tanınmış kino ustaları Andrey Konçalovskinin və Vaqif Mustafayevin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmləri nümayiş etdiriləcəkdir.
Tədbirlərdə Murmansk vilayətinin milli diasporlarının, ictimai təşkilatlarının nümayəndələri, jurnalistlər və Olenoqorsk, Kola, Severomorsk, Polyarnıye Zori, Monçeqorsk, Kandalakşa, Apatiti şəhərlərindən qonaqlar iştirak edəcəklər.
Bayram tədbirləri mayın 8-də “Şərq incisi” bədii özfəaliyyət ansamblının, tanınmış Azərbaycan musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdiriləcəkdir.