SİYASƏT
Musa Quliyev: Zəngəzur dəhlizi regionun iqtisadi, mədəni, mənəvi həyatında olduqca böyük rol oyanayacaq
Bakı, 26 oktyabr, AZƏRTAC
İşğaldan azad olunmuş Qarabağ torpağında ilk aeroportun, Qarabağın səma qapısının - Füzuli Beynəlxalq Hava Limanın açılması böyük tarixi hadisədir. Bu, dövlətimizin, xalqımızın, müstəqilliyimizin tarixində mühüm hadisə olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının dünyaya yenidən nümayişidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev söyləyib.
Deputat bildirib: “Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə bu ərazilərin dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Vətən müharibəsindən cəmi bir il keçməsinə baxmayaraq, işğaldan azad edilmiş torpaqlarımızda olduqca böyük işlər görülüb. Füzuli Beynəlxalq Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı iki ölkə arasındakı qardaşlığı, dostluğu, həmrəyliyi ifadə edir. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri qədim tarixə malikdir. Bu qardaşlığa, dostluğa ən dəqiq tarixi qiyməti ulu öndər Heydər Əliyev verərək söyləyib ki, Türkiyə və Azərbaycan “bir millər, iki dövlətdir”. Ölkələrimiz arasındakı münasibətləri ən yüksək zirvəyə qaldıran da məhz Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlığı, hər iki xalqın, dövlətin mənafeyi naminə göstərdikləri fədakarlıqdır. Vətən müharibəsinin başlamasından bu günədək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin yanında oldu və bizə hərtərəfli mənəvi, siyasi dəstək göstərərək dövlətimizin haqq işini müdafiə etdi”.
Musa Quliyev, eyni zamanda, qeyd edib ki, Türkiyə Prezidentinin irəli sürdüyü 3+3 formatı da regionumuzda əbədi sülhün, əməkdaşlığın, tərəqqinin bünövrəsini qoyacaq. Bu gün Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Zəngəzur dəhlizi regionun iqtisadi, mədəni, mənəvi həyatında olduqca böyük rol oyanayacaq.