ELM VƏ TƏHSİL
Müsabiqə və olimpiadaların təşkili elektronlaşdırılır
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-dən etibarən ölkə üzrə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinə ərizə qəbulu Təhsil Nazirliyinin elektron xidmətlər portalı – www.portal.edu.az vasitəsilə həyata keçirilir.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqədə iştirak edən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müsabiqə üzrə müraciətlərini yerləşdirə bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən olimpiada və müsabiqələrin daha səmərəli təşkili məqsədilə müvafiq informasiya sistemi qurulub. Belə ki, cari ildən olimpiada və müsabiqələrin təşkili, idarəolunması və ərizələrin qəbulu prosesləri tamamilə elektron formada həyata keçiriləcək. Həmçinin qalib iştirakçılara elektron nailiyyət sənədlərinin verilməsi nəzərdə tutulur.