ELM VƏ TƏHSİL
Müsəlman ölkəsində 100 il əvvəl qızlar və oğlanların birgə təhsil aldığı universitetin açılması böyük nailiyyətdir
Paris, 14 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin 100 illik yubileyini təbrik edirəm. Yubiley tədbiri çox yüksək səviyyədə hazırlanıb. Müsəlman ölkəsində ilk qızlar məktəbinin açılması, 100 il əvvəl qızlar və oğlanların birgə təhsilinin təşkili alqışlanmalıdır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Parisdə UNESKO-nun baş qərargahında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi tədbirinə qoşulmuş Dian Tyeri-Mieq söyləyib.
Qeyd edib ki, tədbirdə BDU haqqında nümayiş etdirilən video çox önəmli olub. Bu materiala əsasən Azərbaycanın və onun təhsil sistemindəki nailiyyətləri ilə tanış ola bilib.
“Azərbaycan musiqisini dinlədim. Konsert gözəl oldu. Gənc və istedadlı musiqiçilərin möhtəşəm perfomansını çox sevdim. Universitet haqqında videoçarx da auditoriyaya ətraflı məlumat verdi. Müsəlman ölkəsində 100 il əvvəl qızların və oğlanların birgə təhsil aldığı universitetin fəaliyyət göstərməsi, eləcə də qızlar məktəbinin açılması böyük nailiyyətdir”, - deyə D.Tyeri-Mieq diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris