CƏMİYYƏT
Müşfiq Hətəmov: Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin
Bakı, 12 dekabr, AZƏRTAC
Müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olub. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov deyib.
Mədəniyyətimizin Ümummilli Liderin ideyalarından güc aldığını deyən M.Hətəmov dahi liderin ölkəmizin tanınmış incəsənət adamlarına, ziyalılara daim diqqət və qayğı göstərdiyini qeyd edib. “Ulu Öndər sənət adamları arasında dərin hörmət və nüfuza malik idi. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişafında, təbliğində dahi şəxsiyyətin xidmətləri əvəzsizdir. Heydər Əliyev hər zaman Vətəni, xalqı üçün əziz qalacaq. Xalqımız hər zaman dahi şəxsiyyətlə fəxr edir. Ulu Öndərimizin əziz xatirəsi Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anılır”, - deyə M.Hətəmov vurğulayıb.