MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində növbəti tədbir Xalq artisti Firəngiz Əhmədovaya həsr edilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli opera müğənnisi, Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Opera səhnəmizin Nigarı” adlı tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.

Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb.

Bildirilib ki, lirik-dramatik soprano səs tembrinə malik müğənni 1950-1970-ci illərdə Akademik Opera və Balet Teatrının səhnəsində uğurla çıxış edib. O, Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl”ında Gülzar, “Nərgiz”də Nərgiz, Fikrət Əmirovun “Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından olub. Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqimizin inkişafında mühüm xidmətləri var. Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. F. Əhmədova opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapıb, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kütləvi işlər şöbəsinin müdiri Xanım Abdinova sənətkarın yaradıcılığından danışıb.

Vurğulanıb ki, Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazları Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olub. Opera sənətində yüksək uğurlar əldə edən unudulmaz ifaçı, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb.

Xalq artisti Xuraman Qasımova, “Firəngiz Əhmədova” kitabının müəllifi şairə Kəmalə Abıyeva görkəmli müğənninin parlaq yaradıcılıq yolundan danışıb, onun haqqında xoş xatirələrini bölüşüblər.

Tədbirin bədii hissəsində Opera və Balet Teatrının və Musiqili Teatrın solistləri konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.