MƏDƏNİYYƏT
Musiqi Mədəniyyəti Dövlət Muzeyində yazıçı-publisist Şövkət Hüseynova ilə görüş keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeydə görüşərik” layihəsi çərçivəsində tanınmış yazıçı-publisist, şairə Şövkət Hüseynova ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək yazıçının yaradıcılığından danışıb, onun ədəbi xidmətləri və gördüyü işlər barədə məlumat verib.
Şövkət Hüseynova ilə görüşdən məmnunluq ifadə edən Alla Bayramova söyləyib ki, o, bir neçə mahnı və şeirlərin müəllifidir.
Qeyd edilib ki, yazıçı ədəbi cameədə olduğu kimi musiqi dünyasında yaxşı tanınır. Onun bu sahədə gördüyü işləri xatırladan muzey direktoru, bundan sonrakı fəaliyyətində yazıçıya uğurlar arzulayıb.
Çıxış edən digər natiqlər də Şövkət Hüseynovanın yaradıcılığından söz açıb, onunla bir arada olmaqdan məmnun olduqlarını söyləyiblər.
Tədbir çərçivəsində Şövkət Hüseynovanın redaktoru olduğu Qədim Musiqi Alətlərinin tədqiqatçısı və bərpaçısı, Xalq artisti Məcnun Kərimin xatirəsinə həsr edilmiş “Musiqinin Məcnunu” filmindən fraqment nümayiş edilib, yazıçının həyat və yaradıcılığı haqqında məlumatların yer aldığı videoçarx təqdim olunub.
Sonra Qədim Musiqi Alətləri Ansambılının müşayiəti ilə tanınmış ifaçılar çıxış ediblər.
Tədbir Şövkət Hüseynovanın şeirlərinin səsləndirilməsi ilə davam edib.