MƏDƏNİYYƏT
Musiqidə keçən ömür
Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas İmruz Əfəndiyevanın kitablarının təqdimatı olub
Bakı, 10 dekabr, Ayişə Axundova, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru İmruz Əfəndiyevanın “Musiqidə keçən ömür” və “Axtarış yollarının bəhrəsi” kitablarının təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə qeyd edib ki, Bəstəkarlar İttifaqının fəal üzvü və Azərbaycan musiqiçilərinin böyük dostu olan İmruz Əfəndiyeva ölkəmizin musiqi sənətinin görkəmli xadimləri haqqında bir çox monoqrafiyaların, məqalə və kitabların müəllifidir. Bakı Musiqi Akademiyasının professoru İ.Əfəndiyeva yarım əsrdən çox BMA-nın musiqi nəzəriyyəsi kafedrasında dərs deyir, minlərlə tələbə və aspirant yetişdirib, Azərbaycan musiqisinin təbliğinə və inkişafına misilsiz töhfə verib. Xüsusilə qeyd edilib ki, musiqişünasın yaradıcılığı musiqi əsərlərinin və onları yaratmış bəstəkarların şəxsiyyətlərinin düzgün qavranılmasında, qiymətləndirilməsində və təbliğində çox böyük əhəmiyyət kəsb edir.
Azərbaycan ziyalılarının nümayəndəsi, öz işinin əsl peşəkarı olan İmruz Əfəndiyeva MDB məkanında bir çox digər ölkələrdə Azərbaycan musiqisi haqqında mühazirələr və məruzələrlə çıxış edib, görkəmli Azərbaycan bəstəkarları Vasif Adıgözəlov, Sevda İbrahimova, Cahangir Cahangirov, Telman Hacıyev, Səid Rüstəmov, Oqtay Zülfüqarov və Ağabacı Rzayevanın, misilsiz ifaçı Rəşid Behbudovun və başqalarının yaradıcılığına həsr olunan Azərbaycan və rus dillərində yazılmış bir çox elmi məqalələr, monoqrafiyalar və kitablar həsr edib. İ.Əfəndiyeva musiqi nəzəriyyəsinə dair bir çox dərsliklərin və tələbələr üçün dərs vəsaitlərinin müəllifidir.
Tədbirdə çıxış edən BMA-nın musiqi nəzəriyyəsi kafedrasının müdiri Səadət Seyidova, İ.Əfəndiyevanın tələbələri Ülviyyə İmanova və Mehriban Əhmədova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zəfər Qafarova, M.F.Axundzadə adına Milli Kitabxananın əməkdaşı Mehriban Cəfərova Azərbaycanın musiqi sənəti tarixinə dair sanballı nəşrlərin meydana çıxmasına müəllifin böyük əmək sərf etdiyini vurğulayıb, onun xeyirxahlığından və həyatsevərliyindən danışıb, musiqişünasa gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə BMA-nın “Detaşe” skripkaçılar ansamblının (bədii rəhbər – Azərbaycanın Xalq Artisti, professor Zəhra Quliyevadır) və pianoçu Ülviyyə Hacıbəyovanın çıxışları olub.
Tədbirdə Bakı Musiqi Akademiyasının professorları, müəllim və tələbələri iştirak ediblər.