MƏDƏNİYYƏT


Musiqili Teatr “Qalib əsgər” balet kompozisiyasını tamaşaçılara təqdim edib

Bakı, 13 noyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festival və müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevin iştirakı ilə "Qalib əsgər" balet kompozisiyasını izləyicilərə təqdim edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bu barədə fikirlərini bizimlə bölüşərək deyib: “Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr bizi yaradıcılığa daha da ruhlandırdı. Qalib bir ölkənin vətəndaşı olmaq necə gözəl hisslər imiş! Nəhayət, haqq-ədalət zəfər çaldı! İlk olaraq, bütün soydaşlarımızı bu gözəl qələbə münasibətilə təbrik edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 gün ərzində bizə bəxş etdiyi fərəh hisslərini ifadə etməyə sözlər də acizdir. Xüsusən savaş müddətində möhtərəm Prezidentimizin xalqa hər müraciətini səbirsizliklə gözləmişik və hər dəfə də ondan böyük yaradıcılıq gücü almışıq. Böyük qələbədən sonra gözlərində qalibiyyət parıltısı olan QALİB ƏSGƏR obrazını incəsənətimizə, mədəniyyətimizə gətirmək artıq bizim çiyinlərimizə düşən ən ümdə vəzifədir. İnanırıq ki, Azərbaycan mədəniyyəti bundan sonra daha da inkişaf edəcək, çiçəklənəcək. Biz Şuşada bütün yarımçıq qalan arzularımızı reallaşdıracağıq. Bizə bütün bu xoşbəxtliyi nəsib edən başçımıza və ordumuza dönə-dönə minnətdarıq. Qarabağ Azərbaycandır!”.

Əliqismət Lalayev kompozisiyanın quruluşçu baletmeysteri və ifaçı əməkdar artist Emin Əliyevə, əsərin musiqi tərtibatçısı - teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevə, teatrın əməkdaşları - rejissor Samir Qulamova, operator və montajçı Hikmət Şahverdizadəyə, kostyumçu Aynişan Məmmədovaya, qrim rəssamı Aybəniz Hüseynovaya və bu gözəl layihənin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür edərək, vurğulayıb ki, kompozisiyada görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovun musiqilərindən istifadə olunub. Çəkilişlər İsmayıllı rayonunda aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.