MƏDƏNİYYƏT
Musiqili Teatr həftəsonu dəvət edir...
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrda aprelin 12-13-də “Balaca Şahzadə”, 14-də isə “Düyməcik” tamaşaları göstəriləcək.
Balaca teatr həvəskarları aprelin 13-də saat 12:00-da “Balaca Şahzadə”yə baxa biləcəklər.
Qeyd edək ki, Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırıb. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.