MƏDƏNİYYƏT
Musiqili Teatr yeni mövsümə Milli Musiqi Günündə başlayacaq
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümə 18 sentyabr – Milli Musiqi Günündə start verəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 107-ci mövsümün açılış günündə dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunacaq.
“Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix xalqımızın böyük, dahi oğlu, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Qeyd edim ki, həmin gün – 18 sentyabrda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı da öz işinə başlayacaq. Biz də yeni teatr mövsümümüzün açılışını bu mötəbər, bayram əhval-ruhiyyəli gündə edəcəyik. Arasında festival iştirakçılarının, şəhərimizin qonaqlarının, əcnəbilərin də olacağı tamaşaçılarımıza Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Tamaşada əsas rolları milyonların sevimli gülüş ustası, Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili və başqaları ifa edirlər.