MƏDƏNİYYƏT
Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası nümayiş olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Fransızsayağı qarnir” əsəri ağlasığmaz sevgi oyunlarından bəhs edir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə açar olan olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir. Dövlət Musiqili Teatrının rus bölməsi tərəfindən hazırlanan bu komediya tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanıb. Tamaşadakı əsas rollardan birini – Jaklin obrazını bu yaxınlarda 60 yaşı tamam olan tanınmış aktrisa Marina Litvinenko canlandırıb.
Qeyd edək ki, “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar Artist Boris Qrafkin, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar Artist Svetlana Bulax, aktyorlar Emil Heydərov, Marina Litvinenko, Rauf Babayev, Yuliya Heydərova və Firuz Məmmədov ifa ediblər.