MƏDƏNİYYƏT


Musiqili Teatrın əməkdaşı beynəlxalq festivalın birincisi olub

Bakı, 4 oktyabr, AZƏRTAC

İspaniyanın Lloret de Mar şəhərində “Fiestalonia Milenio” şirkəti tərəfindən “Mediterranean Legends” (Aralıq dənizi əfsanələri) adlı beynəlxalq festival keçirilib. Dünyanın beş qitəsindən 50-dən artıq ölkənin istedadlı nümayəndələrinin qatıldığı, Aralıq dənizi sahilində, açıq səma altında düzənlənən bu yarışmada Azərbaycanı Musiqili Teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılov təmsil edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmsilçimiz müsabiqədə ona verilən 10 dəqiqəlik zaman kəsiyində tarda milli muğamlarımızdan parçalar və “Çahargah Rapsodiyası” (Həsən Rzayev) əsərini ifa edib, “İnstrumental alətlərdə ifa” nominasiyasında IV kateqoriya üzrə birinci yerə layıq görülüb.

Qeyd edək ki, 5 müxtəlif musiqi alətində - tar, fortepiano, bass gitara, violonçel, kontrabasda mükəmməl ifa edən Azərbaycan Milli Konservatoriyasının 3-cu kurs tələbəsi hazırda Musiqili Teatrda orkestr artisti və dirijor assistenti kimi çalışır.

“Hər il təşkil olunan bu müsabiqələr dünyanın bir çox ölkələrində müxtəlif nominasiyalar və yaş qrupları üzrə keçirilsə də, hər birinin məqsədi eynidir - yeni yaradıcı qrupların üzə çıxarılması, müxtəlif ölkələrlə milli mədəni əlaqələrin möhkəmləndirilməsi, təbliği ... Mən bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olsam da, budəfəki təəssüratlarım daha da genişdir. Namizədliyini irəli sürən digər dövlətlərin nümayəndələrindən fərqli olaraq tədbir təşkilatçısı David Çaparidzenin məni rəsmi şəkildə dəvət etməsi, Azərbaycanın milli musiqi aləti olan tara, muğam sənətimizə yaxından maraq göstərməsi məni hədsiz sevindirdi, üzərimə düşən məsuliyyətimi bir az da artırdı. Onlar ifalarımı sosial şəbəkələrdə yayımlanan videolardan izlədikdən sonra məni dəvət ediblər. Fürsətdən istifadə edib, müsabiqədə iştirak etməyimə şərait yaradan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”, - deyə Atabəy İsmayılov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.