MƏDƏNİYYƏT
“Müstəqilliyin zəfər yürüşü” adlı tədbir təşkil olunub
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Milli Qurtuluş Günü ilə əlaqədar kitabxananın fəal oxucuları ilə birlikdə “Müstəqilliyin zəfər yürüşü” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri filialın balaca, həm də fəal oxucusu Türkinaz Tumaszadə “Ulu bir sərkərdə, Ulu bir Öndər” şeiri ilə açıb.
Sonra kitabxananın şöbə müdiri Elmira Məmmədova Milli Qurtuluş Günü haqqında məlumat verərək deyib: “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə ölkəmizin gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevdir”.
Tədbirdə, həmçinin digər iştirakçılar da öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan xalqı artıq Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib və ölkəmizin ərazi bütövlüyü təmin olunub. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, mənfur düşmənin xarabalıqlara çevirdiyi Qarabağ əraziləri dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.