ELM VƏ TƏHSİL
Mütəxəssislər güclü şifrələrdən istifadə etməyi və onları tez-tez dəyişdirməyi məsləhət görürlər
Bakı, 2 dekabr, AZƏRTAC
İstifadəçi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün şifrələrin tez-tez dəyişdirilməsi heç də yaxşı fikir deyil.
Bu barədə informasiyanın mühafizəsinə həsr edilmiş “PasswordsCon” konfransının təsisçisi, ekspert Per Torshaym ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəsmi bloqunda məlumat verib. İdarənin əməkdaşları online satışlarda iştirak edənlərə güclü şifrələrdən istifadə etməyi və onları tez-tez dəyişdirməyi məsləhət görüblər.
Per Torshaymın fikrincə, məlumatların təhlükəsizliyinin təmin olunmasının ən yaxşı üsulu şifrə menecerlərindən istifadədir. Şifrə meneceri istifadəçiyə öz şifrələrini saxlamağa və tənzimləməyə kömək edən aparat və ya proqram təminatıdır. Onun köməyi ilə bütün mühafizə olunmuş veb-saytlar üçün unikal və güclü şifrəyə sahib olmaq mümkündür. Bundan başqa, hesabların təhlükəsizliyinə ikiamilli autentifikasiyadan istifadə də müsbət təsir göstərir.
Qeyd olunan faktlara baxmayaraq, fərdi məlumat bazası hakerlər tərəfindən oğurlandığı halda şifrələrin dəyişdirilməsi vacibdir.