REGİONLAR
Muxtar respublikada Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub
Naxçıvan, 17 iyun, AZƏRTAC
Milli Qurtuluş Günü muxtar respublikada ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun zənginləşdirilərək uğurla davam etdirməsi nəticəsində qazanılan möhtəşəm nailiyyətlər fonunda ikiqat bayram sevinci ilə, silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının təqdim etdiyi konsert proqramı Müslüm Maqomayevin möhtəşəm “Azərbaycan” mahnısı ilə başlayıb. Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Elza İbrahimovanın, Ceyhun Allahverdiyevin, Aygün Səmədzadənin, Oqtay Kazıminin, Emin Sabitoğlunun, Firudin Allahverdiyevin, Andrey Babayevin, Ramiz Mirişlinin, Eldar Mansurovun və Rauf Hacıyevin müəllifi olduğu əsərlər, həmçinin xalq mahnıları alqışlarla qarşılanıb. Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivləri tərəfindən ifa edilən xalq rəqsləri, yallılar və kompozisiyalar əsl bayram coşqusu olub.
Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Mübariz Əsgərov və Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudov və Ruhiyyə Hüseynova, gənc ifaçılar İlkin Abdullayev və Bəhruz Quliyev musiqi nömrələri ifa ediblər.
Muxtar respublikanın rayonlarında da Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilib. Milli Qurtuluş Gününü təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş parklarda əvvəlcə tədbirin aparıcıları 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən heç bir zaman unudulmayacaq. Ölkənin bugünkü inkişaf və tərəqqisi, ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan ədalətli müharibədə qazanılan tarixi Zəfər məhz Milli Qurtuluşun bəhrələridir.
Şərur şəhərinin mərkəzində yerləşən “Heydər” Parkında Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə rayon Mədəniyyət Şöbəsinin hazırladığı maraqlı konsert proqramı təqdim olunub. “Arpaçay” İnstrumental Ansamblının müşayiəti ilə nəğmələr və xalq mahnıları, saz havaları ifa edilib, “Şərur qönçələri” uşaq yallı ansamblı, Uşaq musiqi məktəblərinin şagirdləri rəqsləri ilə şənliyə əlavə rəng qatıblar. Rəngarəng musiqi nömrələri və rəqslərlə davam edən bayram konserti tamaşaçı alqışları ilə müşayiət olunub.
Babək rayonunda təşkil olunan bayram konsertində rayon Mədəniyyət İdarəsinin kollektivlərinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər ifa olunub. Konsert rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Ordubad rayonunda bu münasibətlə keçirilən bayram tədbiri “Gənclik” Parkında xalq gəzintisi ilə davam edib. Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” İnstrumental Ansamblının rəngarəng konsert proqramı iştirakçılarda xoş bayram əhval-ruhiyyəsi yaradıb.
Culfa şəhərində Milli Qurtuluş Günü münasibətilə keçirilən konsert proqramında rayonun mədəniyyət kollektivlərinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Rayon sakinlərinə yüksək əhvali-ruhiyyə, bayram ovqatı bəxş edən konsert alqışlarla qarşılanıb.
Kəngərli rayonundakı Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil olunan konsert proqramında da bayram şənliyi yaşanıb. Sakinlərin kütləvi şəkildə iştirak etdiyi tədbirdə bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” İnstrumental Ansamblı rayon sakin¬lərinə xoş ovqat bəxş edib.
Şahbuz şəhərində Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbir də bayram ovqatı, qələbəliklə müşayiət olunub. Tədbirin bədii hissəsində rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı olub, xalq və bəstəkar mahnıları səsləndirilib. Milli rəqslər, Ümummilli Liderə həsr olunmuş, vətənpərvərlik mövzusunda ifa edilən mahnılar iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb.
Sədərək rayonunda Heydərabad qəsəbə istirahət parkında keçirilən tədbirin bədii hissəsində rayon məktəbliləri tərəfindən Milli Qurtuluş Gününə həsr edilən şeirlər bədii qiraət edilib. Rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı olub, xalq və bəstəkar mahnıları səsləndirilib.
Bayram tədbirlərində iştirakçılara yüksək səviyyədə iaşə xidməti göstərilib.