REGİONLAR
Muxtar respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması daim diqqət mərkəzindədir
Naxçıvan, 13 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması iyun ayında da diqqətdə saxlanılıb.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud, aztəminatlı ailənin üzvü olan 220 qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılıb, onlardan 41-i haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilib.
Hesabat dövründə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı daha genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq Naxçıvan Muxtar Respublikasında pandemiya ilə əlaqədar qadınlara iqtisadi dəstək göstərilməsi üçün tədbirlər reallaşdırılıb. Belə ki, layihə çərçivəsində Naxçıvan Biznes Mərkəzində layihə iştirakçıları üçün “Pandemiyadan qorunma tədbirləri” mövzusunda maarifləndirici seminarlar keçirilib. Seminarların sonunda hər bir iştirakçıya əlcək, nano-maska və pandemiya ilə mübarizədə təhlükəsizlik tədbirlərinə dair layihə broşürası olan çanta təqdim edilib. Seminarlar layihə təşkilatçıları tərəfindən internet bağlantısı vasitəsi ilə canlı izlənilib. Layihənin sonunda muxtar respublikanın bütün rayonlarını əhatə etməklə, ümumilikdə, 39 qadına 25 min 550 manat dəyərində sərmayə kapitalı verilib. Sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi və sairə ilə məşğul olmaları üçün nəzərdə tutulub. Eyni zamanda ötən ay sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı layihə iştirakçılarının evlərində monitorinq keçirilib.
1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilib. İyun ayında elektron məlumat bankına 1010 uşaq haqqında fərdi məlumatlar daxil edilib, əlavə olaraq Naxçıvan şəhəri üzrə valideyn himayəsindən məhrum olmuş 2 uşağın qeydiyyatı aparılıb. Həmçinin hesabat dövründə Naxçıvan Muxtar Respublikası üzrə 1814 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılıb.