REGİONLAR
Muxtar respublikada fəaliyyət göstərən könüllülərlə onlayn görüş təşkil olunub
Naxçıvan, 19 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən könüllülərlə “Könüllü fəaliyyətinin hüquqi əsasları və könüllülərin hüquqları” mövzusunda onlayn görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Zoom” platforması üzərindən keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev könüllülərin, onların çalışdıqları sahələrin sayı artdıqca bu fəaliyyətin hüquqi tənzimlənməsi məsələsinin daha da aktuallaşdığını bildirib.
Qeyd edilib ki, könüllülük fəaliyyəti ilə məşğul olmaq niyyətində olan istənilən şəxsin öz hüquqi statusunu, yəni hüquq və öhdəliklərini bilməsi onu gələcəkdə yarana biləcək problemlərdən qorumuş olur. Təəssüf ki, bir çox hallarda könüllülər qanunvericilikdə bu normaların mövcudluğu barədə məlumatlı deyillər və bu səbəbdən onların göstərdiyi fəaliyyət qanunun müdafiəsindən kənarda qalır. Nəticədə, könüllülərin əməyi istismar olunur, onların fəaliyyəti qanunla deyil, şifahi razılaşmalarla tənzimlənmiş olur.
Gənclər Fondunun Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin müdiri Arzu Qasımov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Vahidə Bayramova, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin əməkdaşı Həbibə Əliyeva könüllülük fəaliyyəti ilə bağlı müxtəlif mövzularda çıxış ediblər.
Sonda könüllülərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.