REGİONLAR


Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil müəssisələrində idman klubları yaradılıb

Naxçıvan, 21 noyabr, AZƏRTAC

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində idman klublarının təqdimatı keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin diqqət və qayğısı sayəsində ümumtəhsil müəssisələrində 33 futbol, 16 mini futbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları, şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib. Şahmat məktəbləri 67 kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub, şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası aparılıb, 505 müəllim sertifikatla təmin edilib.

Vurğulanıb ki, hazırda muxtar respublika ümumtəhsil məktəblərində 364 fiziki tərbiyə müəllimi fəaliyyət göstərir. Onların 35-i müəllimlərin işə qəbulu müsabiqələrində ən yüksək nəticə göstərən gənc kadrdır. Təhsil müəssisələrində idman infrastrukturunun yaxşılaşdırılmasının nəticəsidir ki, bədən tərbiyəsi və idman ixtisaslarına maraq artıb, təkcə ötən tədris ilində, ümumilikdə, 36 məzun ali məktəblərin idman ixtisaslarına qəbul olunub.

Bildirilib ki, fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təhsil işçilərinin üzərinə qoyduğu vəzifələrin icrası məqsədilə 2020-ci ildə muxtar respublikada fəaliyyət göstərən federasiyalar ilə birgə müxtəlif yarışlar keçirilib, Uşaq-Gənclər İdman məktəblərinə 195 qrup üzrə 2 min 740 dərnək üzvü qəbul edilib ki, onların da 2 min 164-ü oğlan, 576-sı qızdır.

“İdmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, eləcə də istedadlı idmançıların üzə çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Proqramın icrası məqsədilə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində kadr potensialı və mövcud şərait nəzərə alınmaqla idman klubları yaradılır”, – deyən təhsil naziri muxtar respublikada təhsilin inkişafına və şagirdlərin sağlamlıqlarının qorunmasına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə dərin minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, adıçəkilən proqramda Naxçıvan idmanının inkişafına dair konkret tapşırıqlar qoyulub. Bu tapşırıqların icrası üçün nazirlik aidiyyəti qurumlarla birgə uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması məqsədilə bir çox ənənəvi və yeni idman tədbirləri həyata keçirir.

Culfa rayon təhsil şöbəsinin müdiri Mehdixan Əliyev, Sədərək rayon uşaq-gənclər idman məktəbinin direktoru Nizami Qədimov, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səyyarə Şahgəldiyeva çıxış edərək təhsil müəssisələrində idman klublarının yaradılmasının şagirdlərin fiziki cəhətdən sağlam böyümələrində, asudə vaxtlarının səmərəli təşkilində, idmanın kütləviliyinin artırılmasında, istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayacağını bildiriblər.

Sonra Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə yaradılan idman klubları haqqında məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində – Naxçıvan şəhəri üzrə 28, Şərur rayonu üzrə 30, Ordubad rayonu üzrə 26, Babək rayonu üzrə 23, Culfa rayonu üzrə 23, Kəngərli rayonu üzrə 21, Şahbuz rayonu üzrə 19, Sədərək rayonu üzrə 15 olmaqla, 118 məktəbdə 12 idman növü üzrə 185 idman klubu yaradılır. Həmin idman klublarından 29-u atletika, 32-si voleybol, 31-i basketbol, 24-ü futbol, 15-i sərbəst güləş, 8-i boks, 7-si karate-do, 17-si stolüstü tennis, 4-ü cüdo, 14-ü mini futbol, 2-si ağır atletika, 2-si isə gimnastikadır.

Tədbirin sonunda yaradılan təhsil idman klublarının tədbirlər planı müzakirə olunub, idman klublarının fəaliyyətinin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.