REGİONLAR
Muxtar respublikada maşınqayırma sənayesi sahəsində böyük nailiyyətlər əldə edilib
Naxçıvan, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən, hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Ölkəmizin müasir sənayeləşmə hərəkatına Naxçıvan Muxtar Respublikası da öz töhfələrini verir. Muxtar respublikanın şəhər və rayonlarında yaradılmış sənaye müəssisələri daxili tələbatı ödəməklə yanaşı, ixracyönümlü məhsul istehsalına da imkan verir. Gəmiqaya, Cahan, Dizayn, Naxçıvan sənaye kompleksləri, Naxçıvan Avtomobil Zavodu və digər müəssisələrin fəaliyyət göstərməsi muxtar respublika sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirmə siyasətinin həyata keçirilməsinə geniş şərait yaradıb.
Muxtar respublika sənayesinin əsas halqasını formalaşdıran və inkişafda olan maşınqayırma sahəsində böyük nailiyyətlər əldə edilib. Son illərdə yeni və müasir avadanlıqlarla təchizat, son texnologiyaların tətbiqi maşınqayırma müəssisəsinin həm istehsal gücünü, həm də yeni çeşiddə məhsullar istehsal etmək imkanını artırıb. Hazırda maşınqayırma sənayesində rəqabətqabiliyyətli məhsullar istehsal edilir. Əsasən də avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda minik avtomobilləri istehsal edən yeganə müəssisə olan Naxçıvan Avtomobil Zavodu maşınqayırma sənayesinin inkişafında xüsusi çəkiyə malikdir. 2010-cu ildə Naxçıvanda avtomobil zavodunun yaradılması nəqliyyat vasitələrinə artan tələbin daxili istehsal hesabına ödənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Naxçıvan Avtomobil Zavodunda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda zavodda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir.
Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Həmçinin avtomobilin müəyyən hissələrinin Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur. Xaricdə istehsal olunan avtomobillərdən daha ucuz qiymətə satışa çıxarılan “NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır. Bu isə onu göstərir ki, həmin markalı avtomobillər maşın bazarında artıq özünəməxsus yerə malikdir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu