REGİONLAR
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası diqqət mərkəzindədir
Naxçıvan, 11 avqust, AZƏRTAC
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı uğurla icra olunur
Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasında bərpa-müalicə xidmətinin düzgün təşkili ilə yanaşı, keyfiyyətli təhsil üçün zəruri şəraitin yaradılması, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları da həyati əhəmiyyət kəsb edir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş və inklüziv təhsilə keçid imkanlarının artırılmasına xidmət edən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın xüsusi əhəmiyyəti var. Proqramda müxtəlif icra müddətləri üzrə nəzərdə tutulan tapşırıqların vaxtında yerinə yetirilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üçün bərabər imkanların yaradılmasına, bu sahədə fəaliyyət göstərən müəssisələrin tədris bazasının müasir standartlara uyğunlaşdırılmasına səbəb olur.
Dövlət proqramının 2020-ci ilin aprel-iyun aylarında icrası davam etdirilib, məktəbəqədər sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bazası mütəmadi olaraq yenilənib. Hazırda muxtar respublikada 368 məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaq vardır ki, onlardan 79-u məktəbəqədər təhsil müəssisələrində qeydiyyatdadır. İkinci rübdə əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən, lakin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən sağlamlıq imkanları məhdud 12, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud 7 uşaqla distant dərslər, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində isə 9 sağlamlıq imkanları məhdud uşaqla reabilitasiya yönümlü məşğələlər davam etdirilib.
Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtları səmərəli təşkil olunur
Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili sosial reabilitasiya üçün vacib istiqamətlərdən biridir. Öyrənmə fəaliyyəti bu kateqoriyadan olan uşaqların bilik və bacarıqlara yiyələnməsinə, ideya-mənəvi tərbiyəsinə və psixi inkişafına köməklik göstərir. Əmək terapiyası onların əmək və peşə hazırlığında, əxlaqi və fiziki tərbiyəsində, xarakter və iradəsinin formalaşmasında böyük rol oynayır. İctimai fəaliyyət prosesində onlar sosial təcrübə qazanır, ünsiyyət mədəniyyətinə, kollektivçilik keyfiyyətlərinə yiyələnirlər. Dövlət proqramında da bu istiqamət üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq müəyyən olunub. İkinci rübdə “Evdə qal, yaradıcılıqdan qalma!” devizi altında videoçarxın hazırlanmasında, “Evdə qal, sağlam ol!” devizi altında keçirilən onlayn tədbirdə, həmçinin “Abituriyent – 2020 buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzulu maarifləndirici tədbirlərdə bu kateqoriyadan olan uşaqların da iştirakı təmin olunub. 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə sosial könüllülər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan uşaqlara əl işlərinin hazırlanmasında köməklik göstərib, əmək terapiyasında iştirak ediblər. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların rəqs nömrələri nümayiş etdirmələrinə, qum terapiyası, bədii tikiş və robotexnika otaqlarının imkanlarından istifadə olunmasına şərait yaradılıb. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları 9 sağlamlıq imkanları məhdud uşaqla görüş təşkil edib, onlara bayram hədiyyələri təqdim olunub.
Sosial reabilitasiyası diqqətdə saxlanılır
Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına nail olmaq üçün onların bacarıqlarının üzə çıxarılması istiqamətində tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Uşağın marağına uyğun bacarıq və qabiliyyətinin müəyyən edilməsi onun cəmiyyətə daha tez inteqrasiya olunmasına və sağlamlığının sürətlə inkişaf etməsinə şərait yaradır. Dövlət proqramında da sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə müxtəlif yaradıcılıq müsabiqələrinin, bilik və idman yarışlarının keçirilməsi haqqında tapşırıq müəyyən edilib. İkinci rübdə onlayn qaydada 28 May – Respublika Gününə həsr olunmuş şahmat turnirində, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda inşa yazı, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda rəsm, “Naxçıvan – mənim doğma diyarım”, “Sən elə bir zirvəsən” başlıqlı şeir müsabiqələrində, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkil etdiyi yay dərslərində və “Açıq havada şahmat birinciliyi” adı altında keçirilən yarışlarda sağlamlıq imkanları məhdud uşaqların iştirakı təmin edilib. Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bu kateqoriyadan olan uşaqlar arasında onlayn şəkildə “Naxçıvan – tarixi abidələr diyarı” mövzusunda asfalt üzərində rəsm müsabiqəsi təşkil olunub. Müsabiqə sosial könüllülərin iştirakı ilə videoformatda keçirilib, sonda iştirakçılar müvafiq hədiyyə və diplomlarla təltif olunublar. İyun ayında 8 sağlamlıq imkanları məhdud uşaq arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü, bu kateqoriyadan olan 10 uşaq arasında yüngül atletika üzrə Naxçıvan şəhər, 17 uşaq arasında boccia üzrə Naxçıvan Muxtar Respublika birincilikləri keçirilib, bilik yarışması və onlayn qaydada yaradıcılıq müsabiqəsi təşkil edilib.
Proqramın icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqlar təhsilə cəlb edilir
Proqramın icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və sosial inteqrasiyasının vacibliyi barədə təbliğat və ictimai maarifləndirmə işi davam etdirilir. Bu, həmin uşaqlara cəmiyyətin marağının cəlb edilməsinə və onlara xüsusi həssaslıqla yanaşılmasına səbəb olur. Aprel-iyun aylarında Dövlət proqramında müəyyən edilmiş tapşırığın icrası istiqamətində sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası tədbirləri ilə bağlı 1 qısametrajlı videoçarx yayımlanıb, Naxçıvan Dövlət Televiziyasında 2 veriliş, 17 süjet efirə təqdim olunub, Naxçıvan Dövlət Radiosunda 7 veriliş hazırlanıb, “Şərq qapısı” qəzetində 5, rayon qəzetlərində 8 məqalə dərc edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu