REGİONLAR
Muxtar respublikada sığorta işinin təşkili müzakirə olunub
Naxçıvan, 11 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası ilə bağlı görülmüş işlərdən danışıb.
Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov isə cəmiyyətin ümumi inkişafının nəticəsi kimi sığortanın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası da vacib məsələ kimi qarşıya qoyulub. O, muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti olduğunu bildirib.
Qeyd edib ki, ötən müddətdə Dövlət Yol Polisi ilə birgə aparılmış işlər nəticəsində muxtar respublikada avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığorta etdirilməsi sahəsində də müəyyən işlər görülüb. Belə ki, cari ilin birinci rübünə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4 min 722 müqavilə bağlanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 328 ədəd çoxdur. Baş vermiş yol-nəqliyyat hadisələrindən dəymiş zərərlərin ödənilməsində sığortanın mühüm rola malik olduğunu bildirən H.Əsgərov onu da vurğulayıb ki, mülki məsuliyyətini sığorta etdirmiş nəqliyyat vasitəsi sahibləri yol-nəqliyyat hadisəsi baş verdiyi halda, üçüncü şəxslərə dəymiş zərər məbləği dövlət sığorta orqanları tərəfindən ödənilir.
Qeyd edib ki, sığorta işinin daha da inkişaf etdirilməsinə muxtar respublika rəhbəri daim diqqət və qayğı göstərir. Belə ki, martda sığorta işinin daha da təkmilləşdirilməsi üçün Dövlət Baş Sığorta Agentliyinə vətəndaşlara səyyar xidmət göstərilməsi məqsədilə 2 mikroavtobus təqdim olunub və onlar bütün informasiya-kommunikasiya vasitələrilə təmin ediliblər. Bu da xidmət mədəniyyətinin artırılmasında və vətəndaşlara sığorta xidmətinin göstərilməsində mühüm stimuldur.
Tədbirdə, həmçinin mövcud nöqsanlardan və görüləcək işlərdən də danışılıb. Qeyd edilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortaya cəlb olunması məqsədilə qanunun verdiyi səlahiyyətlərdən tam istifadə edilməlidir.
Sonda sığorta işinin aparılmasında fərqlənmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin 15 əməkdaşına mükafatlar verilib.