REGİONLAR
Muxtar respublikada tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir
Naxçıvan, 9 avqust, AZƏRTAC
Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, irsi və qazanılmış qan xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların – ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər orqanların müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Belə zəruri hallarda qana olan tələbatla bağlı problemlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti var.
Muxtar respublikada bu xidmət əvvəllər Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən göstərilib. Son illər orada aparılan yenidənqurma işlərinə görə qan xidməti Diaqnostika-Müalicə və Doğum mərkəzlərində həyata keçirilib. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankını yenidən bərpa etməyə imkan verib.
Xəstəxananın şöbə müdiri Məmmədəli Həsənov AZƏRTAC-a bildirib ki, xəstəxanada yaradılmış Qan bankının fəaliyyəti nəticəsində tezliklə muxtar respublikanın bütün səhiyyə müəssisələrinin qana olan tələbatı ödənilməklə bərabər, burada müxtəlif məqsədlər üçün qanın komponentləri olan plazma, eritrositar, limfositar və trombositar kütlənin alınması, saxlanması və məqsədyönlü istifadəsi də həyata keçiriləcək. Bir sıra damar xəstəliklərinin, septik vəziyyətlərin, müxtəlif kəskin və xroniki ağır zəhərlənmələrin müalicəsində komponent olan hiperbarik oksigenasiya, plazmoferez və ozonoterapiya üsullarının praktik təbabətdə tətbiqi də muxtar respublika səhiyyəsi üçün yenilik olacaq.
Şöbə müdirinin sözlərinə görə, bütövlükdə, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanunun, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər də öz bəhrəsini verir. Dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində qan donorlarının sayı 2 dəfədən çox artıb, qan komponentlərinin miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Əhalinin donorluğa aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Artıq hər il “Qan donorları, insan həyatını birgə xilas edək”, “Qan ver, yaşat!”, “Sən də bir həyat ver” və digər devizlər altında, eləcə də 17 aprel - Beynəlxalq Hemofiliya, 14 iyun - Dünya Qan Donoru günləri, aşura mərasimləri, əlamətdar günlərdə keçirilən qanvermə aksiyaları ənənə halı alıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir”.