REGİONLAR
Muxtar respublikanın Maliyyə Nazirliyinin tabeliyində çalışan dövlət qulluqçuları videotəlimə cəlb olunublar
Naxçıvan, 29 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Dövlət qulluğunda etik davranış qaydaları” adlı videotəlimə nazirliyin tabeliyində olan rayon və şəhər idarə və şöbələrində çalışan 20 dövlət qulluqçusu cəlb olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə dövlət qulluqçularını məlumatlandırmaqdır.
İlk olaraq Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova iştirakçılara təlimin mahiyyəti və aktuallığı barədə məlumat verib. Sonra təlim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədlinin “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxışı ilə davam edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.